Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib
07 may 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Kənan Bağırov çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdən olmasından, bu gün isə Ümummilli Lider Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti sayəsində uğurla inkişaf etməsindən bəhs edib.
Tədbirdə qonaq qismində iştirak edən Sumqayıt şəhəri Yeni Azərbaycan Partiyasının sədr müavini Cavid Məmiyev öz çıxışı zamanı ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılıq yolu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O, həmçinin Ulu Öndər tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gənclərinin bütün sahələrdə böyük uğurlar əldə etdiyini vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının əməkdar artistləri Mehriban Xanlarova və Münəvvər Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə, onun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Münəvvər Əliyeva çıxışı zamanı Ulu Öndərə həsr olunan bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim edib.
Tədbirin bədii hissəsində Mərkəzin və Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər və musiqi nömrələri təqdim olunub.












						Baxış Sayı: 283
